02 
Iyl
2021
23:21
1793

Gürcüstanda və regionda çayların çirklədilməsi qınandı

Cari ilin 1 iyun tarixində sosial şəbəkələrdə Bolnisi bələdiyyəsi sakininin Xram çayına yüzlərlə plastik qutunun atmasını əks etdirən video görüntü yayıldı.

InterPress.ge xəbər verir ki, qeyd olunan videogörüntü sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmadı.

Sosial şəbəkələrdə yayılan video ilə əlaqədar dövlət orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilməyə başladı. Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirliyinin ətraf mühitin nəzarəti departamentinin həyata keçirdiyi axtarış tədbirləri nəticəsində çayı külli miqdarda plastik qutu ilə çirkləndirən şəxsin kimliyi müəyyən edilib və o, artıq hüquq mühafizəçiləri tərəfindən saxlanılıb.
Faktla bağlı tullantıların idarəedilməsi məcəlləsinin 31-ci və 40-cı maddələri ilə istintaqa başlanılıb.
İctimaiyyət arasında böyük səs- küyə səbəb olan videoya Gürcüstan azərbaycanlıları konqresinin sədri Hüseyn Yusifov fikrini bildirdi.

"Bilirsiniz ki, bütün dünyada olduğu kimi bizim bölgəmizdə də şirin su ehtiyyatı azalmağa doğru gedir. Biz ekologiyamızı qorumaq zorundayıq. O, cür plastik əşyaların suya olduğu qədər torpağa atılması belə ziyankarlıqdır. Bu kimi hallarda həm su hövzələri çirklənir, həm də sudakı canlılar məhv olur. Sularımız belə deyək "öləcək". Mətbuatda oxudum ki, o, oğlanı polis artıq cərimələyib. Mən bunu yetərli saymıram. Mən təkcə o, oğlanı da günahlandırmıram. Burda bütün ictimai təşkilatların hamısı, bələdiyyə də, ekologiya nazirliyi də günahkardır, hamımız günahkarıq. Biz mövzularla əlaqəli geniş müzakirə etməyi sevirik, amma öz ətrafımızı qorumağı bacarmırıq. Ətrafımızı necə qorumaq lazımdır gənclərə izah etmirik. İzahatdan kənar qalmış şəxslər də gözümüzün qabağında təbiətimizi korlayır. Hətta videoya çəkərək korlayır. Biz hamımız buna biganə qalırıq. Biz həm özümüzün həm də ətrafımızın məhv olmasına hazırıq. Biz biganə qalmamalıyıq, belə şəxslərə kəskin tədbirlər görülməlidir. Eyni zamanda insanlar məlumatlandırılmalıdır. Məsələn, Marneulidə Qaradağ ərazisində tullantıların emalı müəssisəsi var ki, bu cür məhsullar emal edilərək müxtəlif məmulatlar hazırlanır və insan həyatı üçün yararlı vəziyyətə gətirilir. Biz də həmin o müəssisə də bunu təbliğ etməlidir", - deyə Yusifov qeyd edib.

Qeyd edək ki, hal-hazırda dünyada qlobal, Gürcüstanda isə ən öndə duran problemlərdən biri də ekoloji problemlər, konkret olaraq çay və göllərin çirkləndirilməsidir. Bu isə öz növbəsində bir çox müəyyən problemlərin yaranmasına səbəb olur. Çay və göllərin çirkləndirilməsi həm insan sağlamlığına, həm də təbiətə böyük ziyan vurur.

Hüseyn Yusifov Ermənistan ərazisindən Gürcüstan ərazisinə daxil olan Depet çayının çirklənməsindən də danışıb.

"Bilirsiniz, Ermənistan tərəfdən gələn Depet çayı Xram çayına Marneulinin Böyük Muğanlı kəndində qarışır. Bu isə o deməkdir ki, Ermənistan tərəfdən axıdılan zərərli maddələr və zibillər Gürcüstan tərəfdən qonşu ölkələrə axır gedir. Bu vəziyyətdə ekoloji cəhətdən həm Gürcüstan zərər görür həm də qonşu ölkə Azərbaycan. Buna ya Ermənistan tərəfi nəzarət edə bilmir ya da dövlət səviyyəsində qurulmuş plandır. Son nəticədə bunun heç bir fərqi yoxdur, hər iki halda dövlət terroru nəticəsinə gəlib çıxır".

GAK-nin sədri regionda ekoloji vəziyyətdən danışan zaman Ermənistan ərazisindən Azərbaycan ərazisinə daxil olan Oxçuçay haqda da danışıb. O, ermənilər tərəfindən suya zərərli maddələrin axıdılmasını qınayıb.

"Regionda Ermənistan ekoloji cinayət törədir. Ermənistan ərazisindən Azərbaycan ərazisinə daxil olan Oxçuçay çayından götürülmüş nümunədə yüksək miqdarda zərərli maddələr aşkar edilib. Bununla Ermənistan göstərir ki, Azərbaycanın ekologiyasına və vətəndaşlarına ciddi zərər vermək istəyir.
Biri var vətəndaş qəsd edə, biri də var dövlət qəsd edə. Bunlar fərqli məqamlardır. Həmin zəhərli maddəni suya axıdanı dövlət cəzalandıra bilmirsə bu yenədə dövlətin günahıdır.

Bilirsiniz ki, Ermənistanda artıq seçkilər başa çatdı. Paşinyan yenidən qalib gəldi və hakimiyyətini qurmaq mərhələsindədir. Düşünürəm ki, artıq o, yeni ritorikalarla arenaya çıxacaq. Qonşu ölkələrlə, qonşuluq, dostluq çərçivəsində, ərazi bütövlüklərini tanıyaraq, sərhədlərin demarkasiyasını həyata keçirməklə və yeni səhifədən yeni həyata başlamaqla davam edəcəklər".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər