Şuşa ərazisində tapılan “İskəndər” raketinin qalıqları ilə bağlı sual hələ də açıq qalır
Martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadantəmizləmə tədbirləri zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İskəndər” raket kompleksinin qalıqları tapılıb.
InterPress.ge xarici mətbuata istinadən xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, bu Operativ-Taktik Raket Kompleksindən atılan “İskəndər - M” raketinin qalıqlarıdır.
Bu barədə mətbuat nümayəndələrinə məlumat verən Azərbaycanın Minatəmizləmə Agentliyinin operativ qərargahının rəisi İdris İsmayılov deyib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan “9M723” indeks kodu yoxlanılıb. Məlum olub ki, bu, “İsgəndər” raket kompleksinin raketinin qalıqlarıdır. Eyni zamanda, son araşdırma nəticəsində qənaətə gəlinib ki, atılmış raket “İsgəndər-M” raket kompleksinin raketidir. Raketin uzunluğu 7 metr 23 santimetr, diametri isə 920 millimetrdir.
Raketin qalıqları aprelin 2-də Bakıda mediaya nümayiş etdirilib. Raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. Minatəmizləmə Agentliyinin əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər.
Xüsusilə qeyd olunmalıdır ki, açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İskəndər - M” raketinin sadələşdirilmiş variantı olan, 280 kilometr məsafəyədək uçan “İskəndər - E” raket kompleksi verib. Bununla müqayisədə “İskəndər - M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 kilometrədək məsafə qət edə bilir.
Bütün bunların fonunda maraqlı sual yaranır, əgər Rusiya Ermənistana “İskəndər – M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər?
Məsələyə Rusiya Prezidentinin Administrasiyasından münasibət bildirilib. Bu ölkənin Adminstrasiyasının yaydığı məlumatda qeyd olunub ki, Qarabağda münaqişə zamanı “İskəndər” raketlərindən istifadə olunmayıb. Lakin martın 15-də Şuşa ərazisində bu raketin qalıqlarının tapılması ilə bağlı sual hələ də açıq qalır.