Əli Bədirov: "Novruz bayramının keçirilməsi üçün büdcədən 1 qəpik ayrılmadığı halda, bu konsertə 15 min lari ayrılmasının yeri yox idi"
Pandemiya dövründə, üçüncü dalğanın həyəcan təbili verildiyi zamanda Marneulidə 6 aprel tarixində Beynəlxalq Sağlamlıq günü ilə əlaqədar Marneuli meriyasının 15 min lari ilə dəstəklədiyi konsert keçiriləcək.
InterPress.ge xəbər verir ki, konsertin keçirilməsi üçün Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Rifahının Qorunması və Dəstək Xidməti Marneuli bələdiyyəsi meriyasının rəhbərliyinə rəsmi müraciət edib.
Bu konsertin keçirilməsinə Marneuli meriyasının rəhbərliyindən müsbət cavab verilməsinə və azərbaycanlılara qarşı hökumət tərəfindən diskriminativ addımların atılmasına QHT nümayəndələri və ictimai fəallar öz etirazlarını yerli media vasitəsi ilə bildirdilər.
Bu dəfə isə hüquqşünas - siyasətçi Əli Bədirov bu məsələyə öz münasibətini bildirdi.
Onun qeyd etdiyinə görə, Novruz bayramının keçirilməsi üçün büdcədən 1 qəpik ayrılmadığı halda indi bu konsertə 15 min lari ayrılmasının yeri yox idi.
"Marneulidə keçiriləcək konsertin ve mer səlahiyyətlərinin müvəqqəti icraçısı Zaur Tabatadzenin qərarlarının əsas səbəbi və mənbəyi elə Marneuli əhalisinin özüdür, çünki mən seçkiöncəsi kampaniyalarda əhali ilə görüşlərdə həmişə deyirdim ki, əgər Zaur Darğallı seçilsə Zaur Tabatadze Marneuli meri olacaq. Mənim bu fikrim də öz təsdiqini tapdı. İndi Novruz bayramını qeyd edə bilməyən əhalimiz özlərinin səhv seçimlərini İnşəAllah ki başa düşərlər. Əhali Zaur Darğallını seçməklə Zaur Tabatadzeni də mer seçdilər. Artıq əhalidə bu seçimə görə peşmançılıq hissi olunur və İnşəallah bu peşmançılıq davam edər və növbəti seçkilərdə düzgün seçim edərlər. 6 aprel konsertinin keçirilməsində payı olan hər kəs xalq qarşısında bir gün cavab verməli olacaqlar. Novruz bayramının keçirilməsi üçün büdcədən 1 qəpik ayrılmadığı halda indi bu konsertə 15 min lari ayrılmasının yeri yox idi. Onu da qeyd edim ki, Novruz bayramının keçirilməsinə qarşı çixilmasına baxmayaraq qeyd olunan bayram zamanı heç kim cərimələnmədi və mən bunda problem görmürəm. Ancaq Novruz bayramından 1 həftə sonra bu qərarın verilməsi bizim xalqımıza olan hörmətsizlikdir".


