Rustavidə külli miqdarda pulun dəfələrlə dələduzluq yolu ilə ələ keçirilməsi ittihamı ilə əvvəllər də eyni cinayətə görə məhkum olunmuş bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs vətəndaşa iki avtomobil satıb və onların pulunu tam şəkildə alıb. Avtomobillər alıcının adına rəsmiləşdirildikdən sonra isə təqsirləndirilən şəxs onları 10 gün müddətinə icarəyə vermək və əldə olunan gəliri bölüşmək şərti ilə geri alıb.
Lakin o, razılaşmanın şərtlərini pozaraq hər iki avtomobili başqa şəxslərə satıb. Nəticədə zərərçəkənə 49 500 lari məbləğində maddi ziyan dəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
