23 
Yan
2026
12:06
212

Səhiyyə Nazirliyi psixotrop dərmanların verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsini planlaşdırır

Psixotrop dərmanların qeyri-dürüst şəkildə təyin edilməsi və verilməsi risklərini minimuma endirmək məqsədilə normativ dəyişikliklər hazırlanır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat verib.

Nazirlik bildirir ki, aparılan araşdırma nəticəsində psixotrop dərmanların verilməsi praktikasında ciddi nöqsanlar və risklər aşkarlanıb. Xüsusilə, bəzi hallarda həkimlər tərəfindən psixotrop dərmanlara reseptlər əsaslandırma, diaqnostika və pasiyentlə müvafiq konsultasiya aparılmadan verilib. Ayrı-ayrı faktlarda isə bu cür dərmanlara resepti müvafiq icazəsi olmayan həkimlərin yazdığı, həmçinin dərmanların gündəlik normadan iki və hətta üç dəfə artıq dozada təyin edildiyi müəyyən olunub.

Nazirliyin açıqlamasına əsasən, Mixeil Sarjveladzenin rəhbərliyi ilə Peşəkar İnkişaf Şurasının iclası keçirilib və psixotrop dərmanların təyinatına nəzarətin gücləndirilməsinin zəruriliyi müzakirə olunub. İclasda qeyd edilib ki, mövcud praktikalar hüquqi normaların hüdudlarını aşır və bu hallar müvafiq reaksiya tələb edir.

Şura üzvləri vurğulayıblar ki, psixotrop dərmanların verilməsində formalaşmış mənfi praktikanın aradan qaldırılmasında dövlətlə yanaşı, həkimlərin rolu və peşəkar məsuliyyəti də xüsusi əhəmiyyət daşıyır. Nazirliyin məlumatına görə, araşdırma zamanı üzə çıxarılan konkret faktlar əlavə yoxlanış üçün istintaq orqanlarına təqdim ediləcək, həkimlərin peşəkar məsuliyyəti ilə bağlı müzakirələr isə davam etdiriləcək.

Bildirilib ki, müvafiq normativ aktlara dəyişikliklərin edilməsi planlaşdırılır. Məqsəd psixotrop dərmanların qeyri-dürüst şəkildə verilməsi risklərini minimuma endirmək və pasiyentlərin təhlükəsizliyini maksimum dərəcədə təmin etməkdir.

Qeyd olunur ki, Peşəkar İnkişaf Şurasının tərkibinə Səhiyyə Nazirliyi və onun tabeliyində olan qurumların, tibb müəssisələrinin, sahə assosiasiyalarının nümayəndələri, eləcə də parlamentin səhiyyə və sosial məsələlər komitəsinin üzvləri daxildir. Şura qərarlarını səs çoxluğu ilə qəbul edir.

Bizimlə əlaqə saxlayın