Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə...
2023-cü il sentyabrın 1-dən nəqliyyat vasitəsini idarəetmə hüququ üzrə praktiki imtahanın ikinci mərhələsinin ixtisas tələblərinə nəqliyyat vasitəsinin texniki səmərəliliyi ilə bağlı suallar əlavə olunacaq. Bu suallar Daxili İşlər Nazirinin 598 saylı əmri ilə təsdiq edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin xidmət agentliyindən məlumat verilib.
Məlumata görə, “B” kateqoriyalı avtonəqliyyat vasitəsini idarə etmək hüququ üzrə qəbul imtahanı üçün 20 sual müəyyən edilib ki, bu iyirmi sualdan sürücü namizədinə 2 tapşırıq veriləcək. İmtahanda iştirak edən şəxs sualları əyani şəkildə göstərməklə və ya şifahi/sərbəst izahat yolu ilə cavablandıra biləcək.
Sürücü namizədi imtahan verənin verdiyi tapşırığı yerinə yetirə bilmədikdə, bu, yüngül səhv hesab olunacaq.
Yuxarıda qeyd olunan dəyişikliyə əlavə olaraq, bu il sentyabrın 1-dən “C” və “D” kateqoriyalı, “C1” və “D1” alt kateqoriyalı avtonəqliyyat vasitələri üçün sürücülük vəsiqəsi üzrə imtahanın praktiki hissəsi iki mərhələli olacaq.
“Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi Gürcüstanın Avropa İttifaqı ilə Assosiasiya Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməkdə davam edir və Gürcüstanın “Yol hərəkəti haqqında” Qanununa edilmiş dəyişikliklərə uyğun olaraq, sentyabrın 1-dən etibarən “C” və “D” kateqoriyalı və “C1” və “D1” alt kateqoriyalarına aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ üzrə qəbul imtahanının praktiki hissəsi iki mərhələyə bölünür. Dəyişikliyə əsasən, sürücü namizədi praktiki sınaq imtahanının (sahə) birinci mərhələsindən uğurla keçdikdən sonra real yol şəraitində sınaq imtahanından keçməyi nəzərdə tutan ikinci mərhələyə keçəcək”, - deyə xidmət agentliyindən bildirilib.


