—
Savalan Mirzəyev

Savalan Mirzəyev haqqında xəbərlər

Savalan Mirzəyev 29 avqust 1986-cı ildə Gürcüstanın Qardabani rayonunun Qaratəhlə kəndində anadan olub. O, hüquqşünas və siyasətçidir. 2016-cı ildən Gürcüstan parlamentinin deputatıdır və “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasını təmsil edir.

Uşaqlıq illərini Qardabani rayonunun Qaratəhlə kəndində keçirən Savalan Mirzəyev orta təhsilinə həmin kənddəki məktəbdə başlayıb. Beşinci sinifdən etibarən təhsilini Rustavi şəhərindəki 7 saylı dövlət məktəbində davam etdirib. Azərbaycan dilli məktəbdə təhsil aldığı müddətdə gürcü dilini də öyrənməyə başlayıb. Sonradan ali təhsilini gürcü dilində davam etdirərək hüquqşünaslıq ixtisasına yiyələnib.

2009-cu ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Kvemo Kartli filialını hüquqşünaslıq ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 2006-cı ildə Qardabani bələdiyyəsində başlayıb. 2006–2007-ci illərdə abadlıq və kommunal təsərrüfatı xidmətində baş mütəxəssis vəzifəsində çalışıb. 2007–2008-ci illərdə isə Qardabani bələdiyyəsinin hüquqi məsələlər üzrə mütəxəssisi, baş mütəxəssisi və aparat rəhbəri vəzifələrini icra edib.

2009–2013-cü illərdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin aparatında müşavir, eləcə də etnik azlıqların kompakt yaşadığı regionlar üzrə nazirin nümayəndəsi olub.

2013–2016-cı illərdə Gürcüstan Hökuməti Administrasiyasında Baş nazirin köməkçisi vəzifəsində çalışıb. Bu müddət ərzində milli azlıqlarla bağlı məsələlər üzrə də fəaliyyət göstərib.

2016-cı ildə keçirilən parlament seçkilərində Qardabani majoritar seçki dairəsindən namizədliyini irəli sürüb və Gürcüstan parlamentinin IX çağırış deputatı seçilib. Bununla da Qardabanidən parlamentə seçilən ilk azərbaycanlı majoritar deputat olub.

2020-ci ildə keçirilən parlament seçkilərində X çağırış, 2024-cü ildə isə XI çağırış Gürcüstan parlamentinə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının siyahısı üzrə deputat seçilib.

Hazırda Savalan Mirzəyev Gürcüstan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komitəsinin sədr müavinidir. O, parlamentdə etnik azlıqların hüquqları, vətəndaş inteqrasiyası və digər qanunvericilik məsələləri ilə bağlı fəaliyyət göstərir.

Savalan Mirzəyev 2012-ci il mayın 26-da ailə həyatı qurub.

63 xəbər