Hökumət parlamentə qanunvericilik dəyişiklikləri təqdim edib. Dəyişikliklərə əsasən, nazirin birinci müavininə və ya müavininə baş nazirin xüsusi nümayəndəsi funksiyası həvalə edilə bilər. Eyni zamanda, nazirin birinci müavini və ya müavini müvafiq nazirliyin tabeliyində olan publik hüquqi şəxsin və ya nazirliyin strukturuna daxil olan qurumun rəhbərinin səlahiyyətlərini də paralel şəkildə icra edə bilər.
InterPress.ge xəbər verir ki, dəyişikliklər “Gürcüstan Hökumətinin strukturu, səlahiyyətləri və fəaliyyət qaydası haqqında” qanuna edilir. Qanun layihəsinə sürətləndirilmiş qaydada baxılır.
Hökumətin izahına görə, bu funksiyaların əlavə edilməsi əlavə əməkhaqqının müəyyənləşdirilməsini nəzərdə tutmur və vəzifələr əlavə ödəniş olmadan icra ediləcək.
Məlumat üçün bildirək ki, ötən həftə xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili Rusiya ilə münasibətlər məsələləri üzrə baş nazirin xüsusi nümayəndəsi təyin edilib.
