Gürcüstan Konstitusiya Məhkəməsi müxalifət partiyalarının konstitusiyaya zidd elan edilməsi ilə bağlı iddiaya baxarkən məhkəmə plenumunun hakimlərinin işdən kənarlaşdırılması barədə vəsatəti təmin etməyib.
InterPress.ge xəbər verir ki, vəsatəti cavabdeh qismində çıxış edən müxalifət partiyalarının nümayəndələri qaldırıblar. Onların bir qismi plenumun bütün tərkibinin, digərləri isə yalnız bir neçə hakimin işdən kənarlaşdırılmasını tələb edib.
Plenumun qərarını Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia elan edib.
Məlumat üçün bildirək ki, Gürcüstan Konstitusiya Məhkəməsində hakimiyyət komandasının siyasi partiyaların qadağan edilməsi ilə bağlı iddiasına baxılmasına başlanılıb. İşə Konstitusiya Məhkəməsinin yeddi hakimdən ibarət plenumu baxır.
Məhkəməyə təqdim olunan iddianı parlamentin 88 deputatı imzalayıb. İddia əsasında aşağıdakı beş siyasi birliyin konstitusiyaya zidd elan edilməsi məsələsinə baxılır:
-
“Birlik – Milli Hərəkat”;
-
“Dəyişikliklər üçün Koalisiya – Qvaramia, Melia, Girçi, Droa”;
-
“Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün!”;
-
“Federalistlər Partiyası”;
-
“Gürcüstan naminə Qaxariya”.
