“Bu, çox mühüm qərardır. Surroqatlığın ölkəmizdə qadağan edilməsi xalqımızın mənəvi və əxlaqi sağlamlığının bərpası istiqamətində irəliyə atılmış böyük addım olacaq”.
InterPress.ge xəbər verir ki, bunu bütün Gürcüstanın katolikos-patriarxı Şio III hakim partiyanın Gürcüstanda surroqatlığın qadağan edilməsi ilə bağlı planlaşdırdığı qərara münasibət bildirərkən, moizəsində qeyd edib.
Patriarxın sözlərinə görə, bu qərardan əvvəl Patriarxlıq və hakimiyyət nümayəndələri arasında müzakirələr aparılıb.
“Dünən hamımızın eşitdiyimiz yeni təşəbbüsə böyük məmnuniyyətlə münasibət bildirmək istəyirəm. Bu, Gürcüstanda surroqatlığın qadağan edilməsi ilə bağlıdır. Əziz qardaşlar və bacılar, bu, çox mühüm qərardır. İndi məsələnin təfərrüatlarına varmayacağam, sadəcə qısaca deyəcəyəm ki, surroqatlıq bir sıra çox ağır günahlarla əlaqəlidir və onun ölkəmizdə qadağan edilməsi xalqımızın mənəvi və əxlaqi sağlamlığının bərpası istiqamətində irəliyə atılmış böyük addım olacaq.
Bu gün, əlbəttə ki, bu qərara görə hamımız sevincliyik və dua edirik ki, Allah, Müqəddəs Georgi və Müqəddəs Nino sizə bu qərarı həyata keçirməyə və sona çatdırmağa güc versin.
Əlbəttə, bundan əvvəl aramızda qarşılıqlı münasibətlər, bu problem və mövcud məsələlərlə bağlı söhbətlər də olub. Çox şadam ki, sizin bu qərarınız xristian dünyagörüşünüzdən, kilsəmizə və ölkəmizdə xristian və ənənəvi dəyərlərin gücləndirilməsinə, tətbiqinə ürəkdən yanaşmağınızdan irəli gəlir”, – patriarx bildirib.
Patriarxın Bodbe qadın monastırında yerləşən Müqəddəs Nino adına kilsədə keçirilən liturgiya və moizəsində Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, prezident Mixeil Kavelaşvili və hakimiyyətin digər nümayəndələri iştirak ediblər.
