20 
Mar
2020
11:55
3181

Koronavirus bədənə necə təsir göstərir?

Koronavirus yalnız keçən ilin dekabrında peyda olub, lakin indi artıq bütün dünya bu virusun pandemiyası və onun yaratdığı Covid-19 xəstəliyinin öhdəsindən gəlməyə çalışır.

Əksəriyyət üçün bu xəstəlik yüngül keçir, lakin bəzi insanları bu xəstəlik öldürür.

Görəsən, virus bədənə necə hücum edir, niyə bəzi insanlar bu virusdan ölür və bu virusa yoluxanlar necə müalicə olunur?

İnkubasiya dövrü

Bu zaman virus özünü göstərməyə başlayır.

Viruslar bədən hüceyrələrinin içərisinə işləyəndən sonra onları nəzarət altına götürür.

Rəsmi olaraq Sars-CoV-2 adlanan koronavirus onu nəfəslə içəri aldığınız zaman (kimsə yaxında öskürəndən sonra) və ya üstündə virus olan əşyaya və sonra da üzünüzə toxunduğunuz zaman bədəninizə keçə bilər.

Bu virus ilk növbədə boğaz, tənəffüs yolları və ciyərlərdə yerləşən hüceyrələrə yoluxur və onları daha çox sayda hüceyrəyə yoluxmaqda davam edən böyük miqdarda yeni virus massivi istehsal edən "koronavirus fabriklərinə" çevirir.

Bu erkən mərhələdə insanda xəstəlik simptomları olmur və bəzi insanlarda həmin simptomlar heç vaxt olmaya da bilər.İnkubasiya müddəti, yəni infeksiyanın yoluxması ilə və ilk simptomların özünü göstərməsi arasındakı vaxt geniş diapazonda dəyişir, lakin orta hesabla təxminən beş gün çəkir.

Yüngül xəstəlik

İnsanların əksəriyyətində xəstəlik bu cür keçir.

Covid-19 virusuna yoluxanların 10 nəfərdən səkkizində infeksiya yüngül formada keçir və əsas simptomlar yalnız qızdırma və öskürək kimi özünü göstərir.

Bədən, boğaz və baş ağrısı - bütün bunlar mümkündür, lakin mütləq deyil.Qızdırma və ümumiyyətlə, naxoşluq hissi immunitet sisteminin infeksiyaya reaksiya verməsinin nəticəsidir. İmmun sistemi virusu aşkar edilən kimi bədənin qalan hissələrinə xəbərdarlıq siqnalları göndərir və bu proses sitokinlər adlanan kimyəvi maddələrin əmələ gəlməsi və ifrazı yoluyla vaş verir.

Onlar immunitet sistemini toparlayır, amma eyni zamanda bədəndə narahtlıq hissi, ağrı və qızdırmaya səbəb olur.Koronavirusa görə əmələ gələn öskürək ilk öncə quru olur və bunun səbəbi infeksiyaya yoluxmuş hüceyrələrin qıcıqlanması ilə bağlıdır.

Bəzi insanlarda quru öskürək nəhayət bəlğəm gətirən öskürəyə çevrilir, bəlğəmin tərkibi virusun öldürdüyü ciyər hüceyrələrinin qarışığı olan qalın selikdən ibarətdir.

Bu simptomlar yataq rejimi, bol miqdarda maye və parasetamol qəbul edilməsi ilə müalicə olunur. Bu halda ixtisaslaşdırılmış xəstəxanaya yatmaq ehtiyacı yaranmır.

Bu mərhələ təxminən bir həftə davam edir və bu zaman bu cür xəstələrin əksəriyyəti sağalır, çünki onların immun sistemi virusa qarşı mübarizədə üstün gəlir.Ancaq xəstələnənlərin bəzilərində Covid-19 virusunun daha ciddi forması inkişaf edə bilər.Bəzi tədqiqatlara əsasən, bu mərhələdə xəstəlik özünü burunaxma kimi soyuqdəymə simptomlarıyla da göstərə bilər.

Xəstəliyin ağır forması

Xəstəlik ağırlaşırsa, bu, immun sisteminin virusa aşırı reaksiya tərziylə bağlı ola bilər.

Bədənin qalan hissəsinə ötürülən kimyəvi siqnallar iltihaba səbəb olur, lakin bu həssas şəkildə balanslaşdırılmalıdır. Çox güclü iltihab bütün orqanizmin əlavə zədələnməsinə səbəb ola bilər.

London Kral kollecindən doktor Nathalie MacDermott deyir ki, "virus immun sisteminin cavabında bir tarazlığın pozulmasına səbəb olur, bunu necə baş verdiyinmi bilmirik". Ciyərlərin iltihabına pnevmoniya (sətəlcəm) deyilir.

Ciyərin aşağı hissəsində kiçik hava kisələri yerləşir.

Burada oksigen qana daxil olur və karbon qazı xaricə çıxır, lakin pnevmoniya xəstəliyi zamanı həmin kisəciklər su ilə dolmağa başlayır və nəticədə nəfəs darlığı yaranır, tənəffüs çətinləşir.

Bu zaman bəzi xəstələri süni tənəffüs aparatına qoşmaq lazım gəlir.Çində koronavirus xəstələrinin statistikasına əsasən, xəstəliyin ağır formasına virusa yoluxanların 14 faizi məruz qala bilər.

Kritik xəstəlik

Xəstələrin təxminən 6%-nin ağır xəstə olduğu təxmin edilir.

Bu məqamda, bədənin fəaliyyəti pozulmağa başlayır və ölüm ehtimalı kəskin artır.Bu mərhələdə immun sistemi nəzarətdən çıxır və bədənin fəaliyyətini pozur.

Bu, qan təzyiqinin təhlükəli dərəcədə aşağı düşməsi və orqanların fəaliyyətinin düzgün işləməməsi və ya tamamilə pozulması ilə müşayiət olunan septik şoka gətirib çıxara bilər.

Ciyərlərdə intensiv iltihaba görə yaranan kəskin tənəffüs çətinliyi sindromu bədənin fəaliyyət göstərməsi üçün lazım olan kifayət qədər oksigen alınmasına imkan vermir. Bu, böyrəklərdə qan təmizləməsi prosesini poza və bağırsağın selikli qişasını zədələyə bilər.

"Virus elə güclü iltihab əmələ gətirir ki, nəticədə, siz ölürsünüz... bu, daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarır", - doktor Bharat Pankhania deyib.

İmmunitet sistemi virusun öhdəsindən gələ bilmirsə, virus bu halda son nəticədə bədənin bütün nöqtələrinə yayılacaq və orqanizmə daha ağır zərbələr vuracaq.

Bu mərhələdə yüksək dərəcədə invaziv müalicə yer alır, bu müalicə bədəni süni yolla oksigenləşdirilməsini də nəzərdə tuta bilər.

Bu zaman qalın borular vasitəsilə bədəndən qan çıxarılaraq oksigenləşdirilir və geri ötürlür, yəni sistem süni ciyər kimi işləyir.

Amma orqanizmə dəyən zərər kritik həddə çatanda, bədən artıq həyatı davam etdirmək funksiyasının öhdəsindən gələ bilmədiyi üçün xəstə ölür.

İlk ölüm halları

Həkimlər bütün göstərilən səylərə baxmayaraq, bəzi xəstələrin necə öldüyünü təsvir etdilər.

Lancet tibb jurnalında qeyd olunur ki, Çində Uhan şəhərinin Cinyintan xəstəxanasında vəfat edən ilk iki xəstə onlara virus yoluxana qədər, görünür sağlam olublar, amma bu da var ki, onlar uzun müddət siqaret çəkən olublar və bu, onların ağciyərlərini zəiflədə bilərdi.

Birinci xəstənin, 61 yaşlı kişinin xəstəxanaya çatdırıldığı vaxt ağır pnevmoniyası var idi.

O, kəskin respirator çatışmazlığından əziyyət çəkirdi və ciyərlərinin süni ventilyasiyasına baxmayaraq, ciyərlərinin funksiyasını bərpa etmək mümkün olmamışdı və nəticədə, onun ürəyi dayanmışdı.

O, xəstəxanaya yerləşdirildikdən 11 gün sonra ölüb.

İkinci xəstə, 69 yaşlı kişi də kəskin respirator çatışmazlığı sindromundan əziyyət çəkib.

Onu da süni nəfəs aparatına qoşdular, amma bu, kömək etmədi. O, qan təzyiqinin düşməsiylə müşayiət olunan kəskin pnevmoniya və septik şokdan vəfat edib.

Məqalə: BBC

Bizimlə əlaqə saxlayın