29 
Okt
2020
08:45
272

İlham Əliyev: "Pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir"

"Pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir, xüsusən, bu cür möhkəmlənmiş rayonların olması nəzərə alınmaqla. İnanın ki, hətta bizim internetdə nümayiş etdirdiyimiz kadrlar da, əslində, baş verənlərlə müqayisədə çox cüzi hissədir. Bunlar bizim göstərə bildiklərimizdir. Aşkar görünür ki, onlar orada qazılıb yerləşdirilib. Sanki hansısa gəmiricilərdir. Onlar orada hər yeri qazıblar. Aralarında yollar olan, uzunluğu kilometrlərlə ölçülən tunellər var. Siçovul yuvalarına oxşayır. Səs eşidən kimi oraya girirlər. Hər bir artilleriya topunun “siçovul yuvası” var".

InterPress.ge xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə Rusiyanın İnterfaks agentliyinə müsahibəsində pilotsuz uşuş aparatlarının hərbi əməliyyatlarda rolundan danışarkən bildirib.

Dövlət başçısı deyib: "Buna görə müasir texnika olmasa, bunları məhv etmək çox çətin olardı və bu, çox böyük insan tələfatına gətirib çıxarardı. Biz neçə “Qrad” qurğusunu məhv etmişik. İndiki halda pilotsuz aviasiya - həm Türkiyə dronları, həm də İsrail dronları, əlbəttə, bizə çox kömək edir. Biz azı altı ədəd “S-300” zenit-raket kompleksini məhv etmişik. Üstəgəl müasir pilotsuz uçuş aparatları. Onlar özləri zərbə endirir, özləri kəşfiyyat aparır, həm də zərbə vuran artilleriyanın koordinatlarını verirlər. Buna görə, əlbəttə, bu, bizim uğurumuzun mühüm amilidir. Lakin dediyim kimi, torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayrağımızı qaldırırlar. Buna görə bütün bunlar bizim sərvətimizdir və təsadüfi deyil ki, Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir".

Prezident bildirib ki, bu müharibədən sonra bu təcrübə öyrəniləcək. "Ümumiyyətlə, bu təcrübə hərbi quruculuq üzrə gələcək fəaliyyəti planlaşdıran çox ölkələr üçün, hətta bizim üçün də faydalı olacaq".

Bizimlə əlaqə saxlayın