08 
Okt
2020
19:46
856

Azərbaycanın Gürcüstandakı səfiri ikinci İlya ilə görüşdü - Nələr danışıldı?

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin Gürcüstan Patriarxı II-ci İliya ilə görüşüb.

Bu barədə InterPress.ge-yə Azərbaycan səfirliyindən məlumat verilib.

Məlumata görə, görüş zamanı Patriarx səfir F.Quliyevi yeni təyinatı münasibətilə təbrik edib və ona öz xeyir-duasını verib. Öz növbəsində səfir F.Quliyev Patriarxa səmimi qəbula görə minnətdarlığını bildirərək, ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin salamlarını çatdırıb.

F.Quliyev Azərbaycan xalqının böyük dostu olan II İlyanın Qafqazda və dünyada tanınmış, nüfuzlu dini lider olmasını qeyd edərək, yeni təyin olunmuş səfir kimi Azərbaycan-Gürcüstan dostluq, qardaşlıq, strateji partnyorluq münasibətlərinin inkişafında əlindən gələni etməyə hazır olduğunu bildirib.

Həmçinin, tarixi keçmişə əsaslanan ənənəvi humanitar əlaqələrin uğurlu inkişafından danışan səfir bu tarixi irsin qorunub-saxlanılması və inkişafında Gürcüstanda yaşayan, bu ölkənin tam hüquqlu vətəndaşları olan və Gürcüstan dövlətçiliyinin inkişafında aktiv iştirak edən azərbaycanlıların mühüm amil olduğunu vurğulayıb.

Hazırda Ermənistan təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatlarından danışan F.Quliyev Gürcüstana da tezliklə ərazi bütövlüyünün təmin edilməsini arzulayıb.

Səfir qeyd edib ki, “torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan və erməni xalqlarının əvvəlki normal əlaqələrini bərpa etməyə çalışacağıq”.

Görüşün davamında Gürcüstan Patriarxı II İlya regionda sülhün, əmin-amanlığın təmin olunmasının vacibliyini vurğulayaraq, aşağıdakıları qeyd etmişdir:

“Həqiqətdən daha qiymətli heç bir şey yoxdur. Biz onu axtarmalıyıq. Həqiqətə yolu addım-addım keçmək lazımdır. Allah bunun qanuni, sülh yolu ilə edilməsini nəsib etsin”.

Görüşün sonunda qəbula görə bir daha təşəkkürünü bildirən səfir F.Quliyev Gürcüstan Patriarxlığı ilə intensiv əməkdaşlığın qurulmasına hazır olduğunu vurğulayıb, Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələrini Azərbaycana səfərə dəvət edib.

Bizimlə əlaqə saxlayın