06 
Okt
2020
17:29
642

Gürcüstanda fəaliyyət göstərən 50-dən çox QHT Gürcüstan Prezidentinə müraciət ünvanladı - FOTO

Gürcüstanda fəaliyyət göstərən 59 Qeyri Hökumət Təşkilatı birgə bəyanat ünvanlayıb.

InterPress.ge xəbər verir ki, müvafiq bəyanat Gürcüstan Prezidenti Salome Zurabişviliyə ünvanlanıb.

Sözü gedən bəyanatı sizə təqdim edirik:

"Hörmətli Prezident!

Biz, Gürcüstanda yaşayan azərbaycanlılar və bölgəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarımız sizə yazaraq bəyan edirik ki, 27 sentyabr 2020-ci il tarixində səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutmağa başlamışdır. Bu, Ermənistan silahlı qüvvələrinin nəinki cəbhəyanı, hətta cəbhə bölgəsindən uzaqda yerləşən ərazilərdə, Gəncə, Mingəçevir, Bərdə, Tərtər, habelə Abşeron bölgəsi kimi böyük şəhərlərdə sıx şəkildə yaşayan mülki əhalini və obyektləri raket və top mərmiləri ilə atəşə tutması qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Ümumilikdə isə 2020-ci ilin iyulunda - bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda törədilmiş Tovuz təxribatı Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanların hədəfə alınmasının bariz nümunəsidir.
İndi isə BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir şəraitdə Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquqa, BMT-nin Nizamnamələrinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.
Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatı dünyaya bir daha ermənilərin işğalçı olduğunu göstərdi. ABŞ konqresi də Ermənistanı işğalçı ölkə kimi səciyyələndirdi. Bütün bunlardan sonra Ermənistan işğal etdiyi ərazilərdə Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq huquqa zidd olaraq qanunsuz məskunlaşdırmalar aparır. Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular işğal edilmiş ərazilərə cəmləşdirilir.
BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistanın təcavüzü dərhal dayandırılmalıdır.
Hörmətli, Salome xanım!
Biz Gürcüstan dövlətinə, beynəlxalq təşkilatlara müraciət edərək Ermənistana işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal azad etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətini beynəlxalq hüquq və normalara riayət etməsini təmin etməyə çağırırq.
Xüsusi olaraq vurğulayırıq ki, biz Gürcüstan vətəndaşları tarixin bütün dönəmlərində Gürcüstana, gürcü xalqına öz sədaqətimizi nümayiş etdirmişik, Gürcüstan dövlətçiliyinin inkişafında, ərazi bütövlüyü uğrunda apardığı mübarizələrdə bütün varlığımızla onun dövlətimizin yanında olmuşuq.
Azərbaycanla Gürcüstan yaxın qonşu və dost olmaqla bərabər, həm də strateji tərəfdaşdırlar. Bundan əlavə, hər iki ölkənin ərazilərinin 20 faizi işğal altındadır və öz ərazi bütövlüklərini bərpa etmək onların təbii, mənəvi və hüquqi haqqıdır. Azərbaycan Respublikası hər zaman beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyünə, Ermənistandan fərqli olaraq, tam dəstək nümayiş etdirmişdir, ölkəmizin ayrılmaz hissəsi olan Abxaziya və Samaçablonun işğaldan azad olunması yolunda Gürcüstanın atdığı bütün addımları dəstəkləmişdir və dəstəkləməyə davam etdirir. Dağlıq Qarabağın qondarma erməni rejimi isə dəfələrlə Gürcüstanın işğal altında olan bölgələrindəki separatçı rejimlərlə işbirliyində olmuş, ölkəmizin ərazi bütövlüyünə açıq-aşkar etinasızlıq və hörmətsizlik nümayiş etdirmişdir. Əlbəttə, bizlər Azərbaycan ərazisində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün apardığı əməliyyatların heç bir halda həm azərbaycanlı, həm də erməni icmasının yaşadığı Gürcüstana mənfi təsirlər göstərməməsi üçün əlimizdən gələni edirik və edəcəyik.

Hörmətli Prezident, hərbi yüklərin Gürcüstan ərazisindən daşınmasına icazə vermədiyinizə görə, təşəkkür etməklə bərabər, Sizdən Azərbaycanın Respublikasının haqlı mövqeyini dəstəkləmənizi və məsələ barədə obyektiv münasibət bildirmənizi xahiş edirik.
Hörmətlə, aşağıda adları qeyd olunan və suveren Gürcüstan Respublikasında fəaliyyət göstərən QHT təşkilatları.

Diqqətiniz üçün təşəkkür edirik", - deyə müraciət qeyd olunur.

Bizimlə əlaqə saxlayın