07 
Apr
2020
17:48
7590

Marneulinin yolları nə vaxt açılacaq? - Rayon rəhbərliyi məsələyə açıqlama verdi

Marneulinin yollarının açılması və karantin rejiminin ləğvi planlaşdırılmır. Marneuli yollarının bağlanmasından 2 həftə keçdikdən sonra sakinlərdə karantin müddətinin nə qədər davam edəcəyi və burada qalmış vətəndaşların bələdiyyə ərazisindən nə vaxt çıxa biləcəyi barədə suallar yaranıb.

InterPress.ge Marneulifm-ə istinadən xəbər verir ki, 6 aprel tarixində Bələdiyyə Məclisinin növbədənkənar iclası zamanı “Marneuli” radiosunun canlı efiri vasitəsilə bu barədə sual səsləndirilib.

Məsələyə Bələdiyyə Məclisi sədrinin müavini Mamuka Naveriani və merin müavini Laşa Lobcanidze aydınlıq gətiriblır. Naverianinin sözlərinə görə, karantinin ləğvi barədə qərar dərin və kompleks analizlər əsasında verilə bilər.

“Belə görürəm ki, iki həftəlik müddətlə bağlı izahat vermək lazımdır. İki həftəlik müddət karantin tətbiq olunan vaxt bələdiyyə ərazisində qalan və bizim karantin mehmanxanalarına yerləşdirdiyimiz adamlara aiddir. Onlar həkim nəzarəti altında idilər və hər gün yoxlanırdılar. Müvafiq olaraq onlara iki həftəlik karantində və təcriddə olmaları barədə arayış verilir. Daha sonra onlar Marneuli ərazisindən çıxırlar. Marneulinin yollarının açılmasına və karantin rejiminin ləğvinə gəlincə, iki həftəlik müddət buna aid deyil. Bu o demək deyildi ki, iki həftədən sonra yollar açılacaq – sərhədlər eləcə də qalır. Vəziyyətimiz stabildir və belə görünür ki, normal davam edir, ümid edirəm ki, vəziyyətdən ən yaxşı şəkildə çıxacağıq”, – Laşa Lobcanidze Bələdiyyə Məclisinin növbədənkənar iclasında bildirdi.

Qeyd edək ki, Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində ciddi rejimli karantin elan olunub. Hökumət bu barədə qərarı Marneulidə bir qadında koronavirus aşkarlandıqdan sonra onun yoluxma mənbəyinin müəyyən olunmamasına görə verib.

Bizimlə əlaqə saxlayın