15 
Fev
2020
20:04
710

XİN başçısı: “Gürcüstan regional layihələrdə fəal iştirakı ilə etibarlı tərəfdaş olduğunu sübut edib”

“Gürcüstan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri daxil olmaqla regional layihələrdə fəal iştirakı ilə etibarlı tərəfdaş olduğunu sübut edib”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani 56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı bildirib.

Nazir deyib ki, Gürcüstan səylərini Cənub Qaz Dəhlizi, Ağ axın, Avrasiya enerji dəhlizi kimi beynəlxalq əhəmiyyətli enerji layihələrinə yönəldib: “Böyük potensiala malik regionun inkişafı üçün həlledici faktorlardan biri bölgə ölkələri arasında əməkdaşlığın təşviqi, nəqliyyat, energetika sahələrində əlaqələrin dərinləşdirilməsi və əsas strateji layihə və təşəbbüslərə cəlb olunmaqdır”.

D.Zalkalianinin sözlərinə görə, Gürcüstan tranzit marşrut və dəhlizlərin inkişafında da fəal iştirak edir: “Bu layihələrə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizi, Lapis Lazuli, Cənub-Qərb dəhzili, Transxəzər beynəlxalq nəqliyyat marşrutu və Avropadan Çinə daşınmalar üçün tələb olunan müddəti azaldan Bakı-Tbilisi-Qars dəmiryolu daxildir”.

XİN başçısı Gürcüstanın strateji əhəmiyyətə malik Anaklia dərin dəniz limanı layihəsinin həyata keçirilməsinə sadiq olduğunu deyib və ABŞ, həmçinin avropalı tərəfdaşları bu prosesdə fəal iştiraka çağırıb.(report)

Bizimlə əlaqə saxlayın