06 
Fev
2020
20:47
1619

Salome Zurabişvili: “Gürcüstanda bütün dinlərin öz yeri var” - FOTO

“Gürcüstan əhalisinin əksəriyyətini pravoslav xristianlar təşkil etsə də, ölkədə bütün dinlərin öz yeri var”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili 11 müxtəlif dini konfessiyanın nümayəndələri üçün təşkil etdiyi qəbulda deyib.

Prezident sarayında keçirilən tədbirdə çıxış edən dövlət başçısı bildirib ki, Gürcüstanda bütün dinlər üçün tam azad şərait və onlar arasında qarşılıqlı əlaqə mövcuddur: “Bu, Gürcüstanı unikal edir. Gürcüstan əhalisi üçün dözümlülük identikliyin bir hissəsidir və biz bununla çox fəxr edirik”.

S.Zurabişvili deyib ki, dinlər arasında qarşılıqlı hörmət və dostluq çox əhəmiyyətlidir: “Bu cür münasibətlər ölkəyə və cəmiyyətə sülh gətirir. Bu sülh cəmiyyətdə gərginlik, mübahisələr, qütbləşmə və nifrətin alovlandırılmasının müşahidə edildiyi bir vaxtda olduqca gərəklidir”.

Prezident Gürcüstanın bir hissəsinin işğal altında olduğu bir halda ölkə daxilində hər hansı bir fikir ayrılığının olmasını qəbuledilməz adlandırıb: “Biz hamımız ölkədə sülh və əmin-amanlığın qorunmasında məsuliyyət daşıyırıq”.

Qərbi Gürcüstan üzrə müfti Adam Şantadze deyib ki, prezidentlə görüş cəmiyyətdə harmoniya və tolerantlığın olduğunu simvolizə edir: “Gürcüstan əsrlər boyu çoxmillətli və çoxdinli ölkə olub. Tarixən müxtəlif millət və dinlərə məxsus olan insanlar burada mehriban şəraitdə yaşayıblar. Bugünkü görüş bu istiqamətdə irəliyə atılan addım olacaq”.

Görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Ramin İgidov və Şərqi Gürcüstan üzrə müfti Hacı Yasin Əliyev də iştirak ediblər.

/Report/

Bizimlə əlaqə saxlayın