24 
Fev
2020
11:47
885

YAP könüllülərinin topladığı kitabların Gürcüstanda paylanılmasına başlanıldı - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) könüllülərinin “Könüllülərlə maariflənək” şüarı altında topladığı kitabların Gürcüstanda paylanılmasına başlanılıb.

InterPress.ge xəbər verir ki, kitabların bir hissəsi Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına 73 saylı Azərbaycandilli orta məktəbə təqdim olunub.

Kitabların təhsil müəssisəsinə təqdimetmə mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Mirsə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, səfirlik əməkdaşları,YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Misirxan Həsənov, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Salman Pirməmmədov kitablara görə minnətdarlığını bildirərək, bunu təhsil ocağı üçün çox dəyərli töhfə adlandırıb. O qeyd edib ki, məktəb kitabxanasının Azərbaycan dilində olan kitablara çox ehtiyacı var.

Aksiyanı yüksək qiymətləndirən Dursun Həsənov bildirib ki, kitablar Tbilisi ilə yanaşı, Kvemo Kartli (Borçalı) bölgəsində yerləşən digər Azərbaycandilli məktəblərə də təqdim olunacaq.

Layihə haqqında məlumat verən Misirxan Həsənov kitab aksiyanın ilin sonuna qədər davam etdirilcəyini deyib. O, Gürcüstandakı soydaşların bu aksiya çərçivəsində diqqətdə saxlanılacağını vurğulayıb. Onun sözlərinə görə, aksiya çərçivəsində artıq 500 adda 2 minə yaxın kitab toplanıb.

Məktəbə aksiya çərçivəsində 200-yə yaxın kitab hədiyyə olunub. M.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi də təhsil müəssisəsinə kitablar təqdim edib.

Muzeyin direktoru Leyla Əliyeva da çıxışında təşəbbüsü yüksək qiymətləndirib və layihəni təşkil edənlərə təşəkkür edib.

Qeyd edək ki, kitab aksiyası 2020-ci il - “Könüllülər ili” çərçivəsində YAP könüllüləri və “Azərkitab” Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Kitablar Azərbaycan ədəbiyyatı, incəsənəti, dünya və uşaq ədəbiyyatını əhatə edir.(report)

Bizimlə əlaqə saxlayın