12 
Mat
2020
13:52
579

ABŞ Dövlət Departamenti: Gürcüstan azərbaycanlılarının uşaqları təhsildən kənarda qalır

“Siyasi, iqtisadi və mədəni maneələrlə yanaşı, Gürcüstanda milli azlıq nümayəndələrinin inteqrasiyası üçün gürcü dilinin zəif mənimsənilməsi əsas əngəl olaraq qalır”.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Gürcüstanla bağlı insan haqları üzrə illik hesabatında bildirilib.

2019-cu ili əhatə edən sənədə əsasən, bəzi milli azlıqlar təsdiq edirlər ki, dövlət dilini tələb olunan səviyyədə bilmədikləri üçün onlar dövlət qulluqçusu kimi işləyə bilmirlər və bu da onları idarəçilikdə iştirakdan kənarlaşdırır: “Gürcüstanın Ombudsman Aparatından bildirilib ki, etnik azlıqlar mərkəzi hakimiyyətdə az sayda təmsil olunduqlarına görə milli səviyyədə onların qərar qəbuletmə prosesinə cəlb olunması problem olaraq qalır”.

Hesabatda Gürcüstanda milli azlıqlara qarşı diskriminasiya hallarına da yer verilib: “Dekabrın 12-nə olan məlumata əsasən, Gürcüstanın Ombudsman Aparatı və QHT-lər milli və etnik mənsubiyyətə görə ayrı-seçkiliklə bağlı 15 şikayət alıb. Ombudsman Aparatına daxil olan iki şikayət kommersiya banklarının İran, İraq, Suriya və Nigeriyadan olan şəxslərə xidmət göstərməkdən imtina etmələri ilə bağlı olub”.

Sənəddə həmçinin kənd yerlərində yaşayan etnik azlıq nümayəndələrinin təhsildən yayınma probleminə də diqqət çəkilib. Qeyd olunub ki, yerli azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli və Kaxeti bölgələrinin kəndlərində yaşayan bəzi ailələr il ərzində altı-doqquz ay müddətinə uzaq otlaqlarda çalışdıqlarından onların uşaqları nadir hallarda məktəbə gedirlər.

Hesabatda 2019-cu ildə uzaq rayonlar və etnik azlıq icmaları arasında evlənmək məqsədilə qızqaçırma hallarının azaldığı vurğulanıb. Dekabrın 12-nə olan məlumata əsasən, Gürcüstanın Ombudsman Aparatı erkən nikahla bağlı 43 halı nəzərdən keçirib, 2018-ci ildə isə bu cür halların sayı 45 təşkil edib.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri